“Trabzonspor”un qapıçısı Uğurcan Çakır Türkiyə Super Liqasının 26-cı turuna təsadüf edən “Pendikspor”la səfər matçında çətin anlar yaşayıb.
Arena.az xəbər verir ki, oyunun gedişində azarkeşlər tərəfindən meydana atılan məşəllər Uğurcan Çakırın yanına düşüb.
Bu zaman türkiyəli qapıçı həmin məşəlləri meydandan kənarlaşdırmağa başlayıb. Protexniki maddələri kənara çıxardıqdan sonra qapıçının gözündə yanma hiss olunmağa başlayıb. O, əvvəlcə üz-gözünü su ilə yuyub. Lakin bu, fayda verməyib. Çakırın halının pisləşməsi səbəbilə həkimlər ona köməyə tələsiblər. Təxminən 2 dəqiqəlik müdaxilədən sonra “bordo-mavili” komandanın qapıçısı oyuna davam edə bilib.
Bu hadisəyə Uğurcan Çakırın həyat yoldaşı Kübra Çakır dərhal maraqlı reaksiya nümayiş etdirib. O, öz sosial media hesabında həyat yoldaşının həmin anlarını əks etdirən fotolarını yerləşdirərək “Bravo sizə! Allahınızdan utanın. Yetər…” sözləri yazılmış paylaşım edib.
Qeyd edək ki, Uğurcan Çakır 2019-cu ildə Kübra Çakırla evlənib. 2020-ci ildə onların Kuzey adlı oğulları dünyaya gəlib.
27 yaşlı qapıçı 2014-cü ildən “Trabzonspor” klubunda forma geyinir.
“Pendikspor” – “Trabzonspor” matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Bahar Rüstəmzadə







