Vensan Abubakar “Neftçi” üçün Bakıya gəlir – Video

Futbol üzrə Kamerun milli komandasının hücumçusu Vensan Abubakar bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub sosial şəbəkə hesablarında Abubakarın “Neftçi” azarkeşlərinə ünvanlamış videomüraciətini paylaşıb. Təcrübəli futbolçunun qısa zaman içində Bakıda olacağı və rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Xatırladaq ki, 33 yaşlı hücumçunun sonuncu iş yeri “Hatayspor” olub. O, Hatay təmsilçisinə 2024-cü ilin yayında qoşulmuş və bu klubla 1 illik müqaviləyə imza atmışdı. Super Liqa təmsilçisinin heyətində 28 oyun keçirmiş mərkəz hücumçusu bu görüşlərdə 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Vensan bu yay “Hatayspor”dan ayrılandan bəri işsiz idi. Bir sözlə o, “Neftçi” ilə azad agent kimi müqavilə bağlayacaq.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport” kimi klubların da formasını geyinib.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: