Son iki mövsümü icarə əsasında “Turan Tovuz”da keçirmiş yarımmüdafiəçi Veysəl Rzayev bu klubla tamhüquqlu müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu gün “Sabah”dan birdəfəlik ayrılan yarımmüdafiəçi “Turan Tovuz”la 2+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Veysəl Rzayev, 2020-ci ildən “Sabah”da olsa da, bu komandada cəmi 17 oyun keçirib. Son iki mövsümdə isə o, icarə əsasında “Turan Tovuz”un uğurları üçün çalışıb.
Veysəl Tovuz təmsilçisinin heyətində bütövlükdə 58 oyuna çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Turan Tovuz” Veysəldən öncə Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya) və Kristian da Silvanı (“Sabah”) heyətinə qatmışdı. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.
Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov və Xəyal Nəcəfov da “Turan Tovuz”la yeni müqaviləyə imza atıblar. Əvəzində Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi və Kamal Bayramov Tovuz klubunu tərk ediblər.


