Vinisius Junior da Arda Gülərdən yazdı

“Real”ın ulduz hücumçusu Vinisius Junior “Fənərbaxça”nın yarımmüdafiəçisi Arda Gülərin “Kral klubu”na transferinə münasibət bildirib.

Arena.az Vinisius Juniorun sosial şəbəkələrdən birində yazdığı qısa fikri diqqətinizə çatdırır:

“Dünyanın ən böyük klubunu seçən daha bir oyunçu”, “Vini” yazıb.

Xatırladaq ki, “Real” 18 yaşlı Gülərlə 6 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Arda Gülər “Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə burada çıxış edib, daha sonra “Fənərbaxça”ya keçib. Gülər İstanbul təmsilçisinin heyətində ümumilikdə 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Gənc futbolçu Türkiyə yığmasında ötən ilin noyabrında debüt edib. O, millidə 4 oyuna çıxaraq, 1 qol vurub.

“Transfermarkt” internet-portalı Arda Güləri 15 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Türkiyə mətbuatında Gülər “türk Messi” təxəllüsü ilə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: