“Araz Naxçıvan”ın baş məşqçisi Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasında (ÇL) keçirdikləri ikinci oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu gün ÇL-in ilkin mərhələsinin qrup mərhələsinin 2-ci turu çərçivəsində Almaniya çempionu “Yan Regensburq”la qarşılaşıb və 5:0 hesablı qələbəyə sevinib.
Qarşılaşmadan sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bu matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq.
“Yan Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.
Xatırladaq ki, “Araz Naxçıvan” son matçını avqustun 26-da yerli “Riqa”ya qarşı keçirəcək. Vitali Borisov və yetirmələri ilk turda Türkiyənin “İstanbul Şişli” komandası üzərində qələbəyə sevinmişdi – 9:1.


