Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsinin Qazaxıstanla oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, millimiz bu gün oyun ərəfəsində ötən gün növbəti məşqinə çıxıb.
Üç gündür hazırlığını davam etdirən komandamız son məşqdə taktiki planda çalışıb. Məşqdən sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Toplanışa oktyabrın 2-də başlasaq da, ancaq bugünkü (dünən) məşqdə heyət tam olaraq iştirak edib. Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız bu oyunu gözləyirik. Sevindirici məqam odur ki, komandada zədəli və cəzalı futzalçı yoxdur.
Rəqib çox təcrübəli futzalçılardan qurulub. Onlar da dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələsində iştirak ediblər. Fərdi bacarığına görə seçilən futzalçıları var. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Bizi maraqlı qarşılaşma gözləyir. Doğma meydan amilindən istifadə etmək istəyirik. Bunu da bizə hiss etdirəcək qüvvə azarkeşlərimizdir. Onları tribunaya səsləyirik. Gəlsinlər, dəstəkləsinlər, oyunçularımız da onlardan güc-qüvvət alsın.
Heyətlə bağlı müəyyən dəyişiklik etmişik. Komandaya iki yeni futzalçı qoşulub. Qabriel illər əvvəl komandamızda oynayıb. Təcrübəli futzalçıdır. Murad isə “Baku Fire” klubunun üzvüdür. Çempionat oyunlarında xoş təsir bağışladı. Buna görə də milliyə dəvət etdik. Hər ikisinin ümidlərimizi doğruldacağına inanırıq”.
Xatırladaq ki, DÇ-2024-ün elit raundu çərçivəsində baş tutacaq Azərbaycan – Qazaxıstan oyunu oktyabrın 6-da keçiriləcək.


