Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov və milli üzvü Tofiq Mikayılov bu gün jurnalistlər üçün brifinq keçiriblər.
Arena.az xəbər verir ki, dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində dekabrın 15-də Bakı İdman Sarayında Rumıniya yığması ilə qarşılaşacaq millimiz hazırlığını davam etdirir.
Komandanın bu gün media üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl millimizin baş məşqçisinin iştirakı ilə brifinq keçirilib. Vitali Borisov qarşıdakı oyunlara hazırlıqla bağlı bunları söyləyib:
“Komanda dekabrın 11-dən rəsmi toplanışa başlayıb. 1-2 oyunçumuz düşərgəmizə dünən gəlib. Hazırlıq normal davam edir. Çalışacağıq ki, Rumıniya ilə matçda yaxşı nəticə qazanaq.
Bu gün iki məşqimiz olacaq. Daha çox taktiki və texniki elementlər üzərində işləyirik. Rumıniya millisinin heyətində bəzi dəyişikliklər var. Ona uyğun hazırlıq keçirik. Bizdə də yeni dəvət olunmuş futzalçılar az deyil. Ölkə çempionatında çıxış edən futzalçılarımıza daha çox şans verəcəyik.
Qrupdan çıxmaq şansımız davam edir, amma hər şey bizim əlimizdə deyil. Hər iki matçda qələbə qazanıb 9 xal toplasaq da, digər qrupdakı nəticədələr də həlledici olacaq.
Səfərdəki oyunda uduzmamalı idik, çünki qol epizodlarımız az olmadı. Doğma meydan amilindən istifadə edəcəyik. Heyətimizdə həm təcrübəli, həm də fiziki baxımından güçlü futzalçılar var və onların bu üstünlüyündən istifadə edəcəyik”.
Milli komandanın təcrübəli üzvü Tofiq Mikayılov isə bunları dilə gətirib:
“Əhval-ruhiyyə yaxşıdır. Çalışacağıq bizə verilən şansdan maksimum istifadə edək. Komanda üçün hər cür şərait yaradılıb. Qələbə qazanmaq üçün mübarizə aparacağıq.
Millinin əvvəlki oyunlarında iştirak etməmişəm deyə, fikir bildirmək istəmirəm. Uşaqlar yaxşı oynamışdılar. Amma həmin matçlar arxada qaldı. Bu dəfə daha yaxşısını etməliyik”.


