Vitali Borisov: “Hesab daha fərqli ola bilərdi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov futzal üzrə Çempionlar Liqasında “Sparta Belfast”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Sparta Belfast” komandası ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb – 7:1.

Oyundan sonra təmsilçimizin baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Qol epizodlarımız çox olsa da, hamısını reallaşdıra bilmədik. Komanda tapşırıqların hardasa 70 faizini yerinə yetirə bildi. Çətinlik çəkməyimizin səbəbi parketlə bağlı ola bilər. Çünki biz sürətli oyuna üstünlük veririk. Bu örtükdə isə top demək olar, zəif sürətlə hərəkət edir. Bu, hər iki komandaya çətinlik yaradan amil idi. İkinci hissədə daha çox epizod realizə etməyi bacardıq. Hesab daha fərqli ola bilərdi. Komandalar arasında səviyyə fərqi aşkar görünürdü. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Araz-Naxçıvan” daha güclü, baxımlı oyun nümayiş etdirdi.

Bu qələbə hələ heç nəyi həll etmir. Daha 2 vacib oyunumuz var. Artıq onlar haqda düşünməliyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” komandası ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: