Vitali Borisov: “Hesabın oyuna görə olduğunu deməzdim”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Çexiya yığmasına qarşı keçirdikləri ikinci yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Zlin şəhərində təlim-məşq toplanışında olan futzal yığmamız çexlərlə ötən gün baş tutan ilk sınaq matçından 0:3 hesablı məğlubiyyətlə ayrılmışdı.

Bu gün keçirilən ikinci oyunda isə komandamız 2:6 hesabıyla uduzub.

Vitali Borisov qarşılaşmadan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq. Təəssüf ki, ikinci hissəyə pis başladıq. Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq. Uşaqlar sona qədər mübarizə apardılar. Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoxlama oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır”.

Yeri gəlmişkən, bu gün keçirilən Çexiya – Azərbaycan matçından sonra millimiz komandamızın üzvü Fərid Abbasov mükafatlandırılıb. O, millimizin heyətində ən yaxşı oyunçu seçilib.

Xatırladaq ki, ötən gün keçirilmiş ilk oyunda da Ülvi Əliyev yığmamızın ən yaxşısı seçilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: