Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov komandasının qarşıdakı rəsmi oyuna hazırlığını dəyərləndirib.
Arena.az xəbər verir ki, dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində Niderlandın qonağı olacaq Azərbaycan millisi ötən gecə matçın keçiriləcəyi arenada ilk məşqini reallaşdırıb.
Futzalçılar təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində bir neçə taktiki təmrinləri yerinə yetiriblər. Məşqdən sonra millimizin baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına bunları deyib:
“Bu gün (dünən) günortaya yaxın Niderlanda gəlmişik. Uşaqlar uzun yol qət etdilər. Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq. Futzalçılar çalışdılar ki, onlara verilən tapşırıqları yerinə yetirsinlər. Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı.
Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oyunayan zaman hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəyəm. Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.
Xatırladaq ki, dekabrın 20-də keçiriləcək Niderland – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Qrup mərhələsinin son turu ərəfəsində Niderland yığması 6 xalla ikinci, millimiz isə 4 xalla sonuncudur. A qrupuna 15 xalı olan Qazaxıstan başçılıq edir. Üçüncü olan Rumıniyanın da 4 xalı var.


