Futzal üzrə Azərbaycan millisinin baş məqşçisi Vitali Borisov DÇ-2024-ün elit raundunda Qazaxıstanla oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan milli komandası Qazaxıstanla sabah keçiriləcək oyunun hazırlığını bu gün yekunlaşdırıb.
Belə ki, dünən Astanaya gələn futzalçılarımız bu gün matçın keçiriləcəyi arenada oyunöncəsi məşqini keçib. Müxtəlif təmrinləri icra edən futzalçılarımız 90 dəqiqə meydanda olub.
Hazırlıq prosesindən sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
“Komandada ümumi olaraq vəziyyət yaxşıdır. Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir. Şanslar 50-nin 50-yədir. İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Şocaei ilə əvəzləmişik. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Uşaqlarda istək böyükdür. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.
Xatırladaq ki, sabah baş tutacaq Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Hazırda yığmamızın qrupunda xal durumu belədir:
Qazaxıstan – 9. Rumıniya – 6. Azərbaycan – 3. Niderland – 0.


