Azərbaycanın voleybol üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçiriblər.
Arena.az xəbər verir ki, kişi voleybolçularımız Avropa Gümüş Liqasında ikinci sınağına çıxıb.
Millimiz İsveçdə təşkil olunmuş ilk tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan millimiz 1-ci turu 3 xalla başa vurub. Azərbaycan millisi ilk oyununda meydan sahibi İsveçə məğlub olmuşdu – 0:3.
Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində ölkəmizdə təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz Lüksemburq və Macarıstan yığmaları olacaqlar.
Avropa Gümüş Liqası (kişilər)
1-ci tur (İsveç)
7 iyun
Gürcüstan – Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)
Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət komandamız isə Qızıl Avropa Liqasında Monteneqro ilə üz-üzə gəlib. Slovakiyanın paytaxtı Bratislavadakı qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə yekunlaşıb. Komandamız ilk dəfə bir seti qazansa da, bundan artığına gücü çatmayıb.
Xatırladaq ki, qadınlardan ibarət millimiz daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13-15 iyun tarixlərində Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və Rumıniya yığması olacaq.
Avropa Qızıl Liqası (qadınlar)
2-ci tur (Slovakiya)
7 iyun
Monteneqro – Azərbaycan 3:1 (25:18, 16:25, 25:19, 25:18)


