Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları Qızıl Avropa Liqasında mübarizə aparacaqlar.
Arena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq, iştirakçılar reytinqə əsasən liqalara bölünüblər.
Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli yığmalar isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.
Reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət Azərbaycan millisi və 26-cı pillədə qərarlaşan kişilərdən ibarət yığma 2024-cü ildə keçiriləcək Qızıl Avropa Liqasında qüvvələrini sınayacaqlar. Yarışlar gələn 17 may – 16 iyun aralığında keçiriləcək. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin millisi mübarizə aparacaq. Yeni reqlamentə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutanlar “dördlər finalı”na yüksələcəklər.
Qeyd edək ki, qadınların yarışında “dördlər finalı”nın ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələ ki, ev sahibi bəlli deyil.
Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Makedoniya, Estoniya, Lüksemburq.
Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Austriya, Estoniya, Ukrayna.


