“Hatayspor” komandasının baş məşqçisi Volkan Dəmirəl Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən bir oyunluq cəzalandırılıb.
Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Türkiyə Super Liqasının 2023/2024 mövsümünün 14-cü turunda “Antalyaspor”a qarşı keçirdikləri matçda hakimə qarşı qeyri-idman davranışına görə belə cəzaya layiq görülüb.
TFF-nin Peşəkar Futbol İntizam Şurası (PFDK) Dəmirəli 1 oyunluq diskvalifikasiya etməklə yanaşı, onu 39 min Türk Lirəsi (TL) cərimə də edib.
Xatırladaq ki, altı qolun qeydə alındığı “Hatayspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib – 3:3. Azərbaycan millisinin hücumçusu Renat Dadaşov sarı vərəqə limitini doldurduğu üçün komandası “Hatayspor”a kömək edə bilməyib.
Volkan Dəmirəl 2022-ci ilin sentyabrından “Hatayspor”a rəhbərlik edir. Türkiyə millisinin sabiq qapıçısı bu komandanı indiyə qədər 32 oyuna çıxarıb – 11 qələbə, 10 heç-heçə, 11 məğlubiyyət.


