Voyçex Şesnı: “Mənim ən yaxşı formam hələ qarşıdadır”

“Barselona”nın qapıçısı Voyçex Şesnı İspaniya La Liqasının 28-ci turunda Madrid “Atletiko”suna qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, polyak qolkiper paytaxt təmsilçisi üzərində qazandıqları 4:2 hesablı əzmkar qələbə barədə bunları söyləyib:

“Biz bu qələbəni qazandıq və xoşbəxtik, amma düzü, mən rəqibə azacıq acıyıram”, deyə Şesnı vurğulayıb.

Xatırladaq ki, “döşəkçilər” 2:0 hesablı üstünlüyü əldən verərək məğlub olublar.

Şesnı iddialı açıqlaması ilə də diqqət çəkib: “Düşünmürəm ki, mən hələ yüz faiz formadayam. Mənim ən yaxşı formam hələ qarşıdadır”, deyə təcrübəli qolkiper əminliklə vurğulayıb.

Xatırladaq ki, Voyçex Şesnı 2024-cü ilin oktyabr ayının 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Ötən ilin yayında futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlmişdi.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib. 2017-ci ilin iyulunda isə “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb. Polyak qapıçı Turin təmsilçisindən 2024-cü ilin yayında ayrılandan sonra karyerasını bitirməyə qərar vermişdi.

Şesnı cari mövsümdə “Barselona” üçün bütün yarışlarda 16 dəfə qapıda dayanıb, 16 qol buraxıb, 8 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə), İtaliya Super Kuboku (2 dəfə) və “Barselona” ilə İspaniya Super Kuboku var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 34 yaşlı polyak qapıçı Voyçex Şesnının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: