Vüsal İsgəndərli “Ararat”la oyun üçün Ermənistana getdi

Futbol üzrə Azərbaycan millisinin və Albaniyanın “Eqnatiya” komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərli İrəvana yollanıb.

Arena.az xəbər verir ki, o, yeni komandası ilə birgə Ermənistana getməyə qərar verib.

Futbolçu bu səfərlə bağlı fotolarını sosial şəbəkə hesabında paylaşıb. Daha doğrusu, futbolçumuz Tirana hava limanında bir qrup azərbaycanlı ilə rastlaşıb. Onlar Vüsalın İrəvana yola düşdüyünü yazıb, futbolçu ilə şəkillərini paylaşaraq, uğurlar arzulayıblar. Futbolçu özü də “İnstagram” səhifəsində həmin paylaşımları repost edib.

Xatırladaq ki, Albaniya təmsilçisi Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində məhz Ermənistanın “Ararat” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun iyulun 13-də İrəvanda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Cavab matçı iyulun 20-də Albaniyada keçiriləcək.

“Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunmuş Vüsal İsgəndərli İrəvana öz istəyi ilə yollanıb. Klubunun bu matçlar üçün UEFA-ya sifariş etdiyi azərbaycanlı yarımmüdafiəçi Ermənistan təmsilçisinə qol vurmaq arzusunda olduğunu açıqlayıb.

“Eqnatiya” Albaniya Super Liqasında geridə qalan mövsümü 52 xalla 3-cü pillədə başa vurub.

Vüsal İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib. O, 2022-ci ilin iyulunda qoşulduğu bu klubun heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. 27 yaşlı futbolçu Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: