Xosep Qvardiola tarixi rekorda imza atdı

UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində qələbə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ötən gecə 2022/2023 mövsümünün final matçında Milan “İnter”ini məğlub etmiş (1:0) “Mançester Siti” həm də tarixi rekordlara imza atıb.

Belə ki, İngiltərə nəhəngi tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bu klub tarixində həm də ilk dəfə “trebl”ə imza atıb. Komanda bu mövsüm İngiltərə Premyer Liqasının və Federasiya Kubokunun da qalibi olmuşdu.

“Şəhərlilər”in baş məşqçisi, ispan mütəxəssis Qvardiola isə “trebl”ə imza amaqla yanaşı, bunu ikinci dəfə etmiş ilk məşqçi kimi adını tarixə yazıb. Pep buna qədər, çalışdırdığı “Barselona” ilə 2008/2009 mövsümündə ilk dəfə “trebl”ə nail olmağı bacarmışdı. Beləliklə, Qvardiola eyni zamanda iki müxtəlif komanda ilə “trebl” qazana bilmiş ilk məşqçi kimi tarixə düşüb.

Qvardiola həm də məşqçilik karyerasında 35-ci titulunu qazanıb. 52 yaşlı mütəxəssis “Barselona” ilə 14, “Bayern”lə 7 və “Mançester Siti” ilə 14 titul qazanıb.

“İnter” üzərində qələbə Qvardiolanın “Mançester Siti”dəki 300-cü qələbəsi olub. O, bu komandanı indiyə qədər 413 oyuna çıxarıb. “Şəhərlilər” qalan görüşlərdən 55-də heç-heçə edib, 58-də məğlubiyyətə üzülüblər.

Qvardiola UEFA Çempionlar Liqasında üçüncü dəfə qalib olub. O, daha öncə “Barselona” ilə də 2 dəfə oxşar uğura imza atıb. İspan mütəxəssis bu göstəricidə Zinədin Zidanla Bob Peysliyə çatıb. Onların da ÇL-də 3 belə uğuru var. Rekord isə Karlo Ançelottiyə məxsusdur – 4 qələbə!

UEFA Çempionlar Liqasında ən çox çempion olan baş məşqçilər:

Karlo Ançelotti – 4
2 dəfə “Milan”la, 2 dəfə “Real”

Xosep Qvardiola – 3
2 dəfə “Barselona” ilə, 1 dəfə “Mançester Siti” ilə

Zinədin Zidan – 3
3-ü də “Real”la

Bob Peysli – 3
3-ü də “Liverpul”la

Xəbəri sosial şəbəkələrdə paylaş: