Xulian Alvares “Atletiko”ya keçdikdən sonra ilk müsahibəsini verdi

“Mançester Siti”dən Madrid “Atletiko”suna keçmiş argentinalı mərkəz hücumçusu Xulian Alvares ilk müsahibəsini verib.

Arena.az “Atletico Universe” dərgisinə istinadən, argentinalı futbolçunun müsahibəsini təqdim edir:

“Burada olduğum üçün çox xoşbəxtəm, şəhərdə, klubda necə qarşılanıldığımdan çox həyəcanlıyam. Ona görə də bu yerdən gözləntilərim böyükdür. Mənim keçidimdən bəri çoxlu ismarışlar, azarkeşlərdən çoxlu dəstək var. İndi meydanda özümü sübut etməliyəm. Komandanın qələbə qazanmasına və “Atletiko”nun hər yerdə birinci yerə çıxmasına kömək etmək üçün bir futbolçu kimi özümü ən yaxşı surətdə tapmaq məqsədilə əlimdən gələni edəcəyəm.

Mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Söz verə biləcəyim bir məqam varsa, o da komandanın qalib gəlməsinə kömək etmək üçün həmişə əlimdən gələni edəcəyim və meydanda güc-qüvvəmi qoyacağımdır”, deyə Alvares vurğulayıb.

Xulian Alvares “River Pleyt”in yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvares “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Alvares “şəhərlilər”in heyətində bütün yarışlarda 54 oyuna çıxıb, 19 qol vurub, 13 məhsuldar ötürmə verib. Alvaresiin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 103 oyun, 36 qol, 18 məhsuldar ötürmə.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 36 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: