Xulian Alvares Lionel Messinin rekordunu qırdı

“Atletiko”nun mərkəz hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında keçirdiyi 30 oyunda 17 qol vurmaqla mütləq rekorda imza atıb.

Arena.az xəbər verir ki, əvvəlki rekord “Barselona” və PSJ-nin keçmiş oyunçusu, hazırda “İnter Mayami”də çıxış edən 38 yaşlı argentinalı ulduz hücumçu Lionel Messiyə məxsus idi – 30 oyuna 16 qol.

Müvafiq göstəricidə ilk “3-lüy”ü də argentinalı oyunçu qapayır. Belə ki, Madrid “Atletko”su və “Mançester Siti”nin keçmiş mərkəz hücumçusu Serxio Aquero UEFA Çempionlar Liqasında keçirdiyi ilk 30 oyuna 14 qol qol vurub.

Xatırladaq ki, 25 yaşlı Alvares Messiylə millidə komanda yoldaşı olaraq birgə son mundialın qalib olub.

Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 72 oyunda 38 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 49 oyuna çıxıb, 13 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğin qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: