“Mançester Siti”nin argentinalı hücumçusu Xulian Alvares bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
La Liqa nəhəngi bu transfer üçün “şəhərlilər”ə 75 milyon avro ödəyib. 24 yaşlı forvard yeni klubu ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. O, Madrid təmsilçisində 19 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Xulian Alvares “Mançester Siti”yə 2022-ci ilin yanvarında Argentinanın “River Pleyt” klubundan 21,4 milyon avro qarşılığında gəlmişdi. 24 yaşlı forvard Premyer Liqa nəhənginin heyətində 103 oyuna çıxıb. O, bu oyunlarda 36 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.
Alvares daha öncə yetirməsi olduğu “River Pleyt”də də 122 oyun keçirib, 54 qol və 31 assistlə yadda qalıb.
Argentinalı hücumçu 2021-ci ilin iyun ayında debüt etdiyi ölkəsinin əsas millisində 36 oyuna çıxıb. Bu oyunlarda 9 qol və 1 assist müəllifi olmuş Alvares daha öncə Argentinanın U-20 və U-23 yığmalarında da forma geyinib.
“Mançester Siti” daha beş futbolçusu ilə yollarını ayırıb. “Şəhərlilər”in sol vingeri Mayka Hamilton “Midlsbro”ya keçib. Mançester klubu bu satışdan 4,1 milyon avro qazanıb. Əslən Yamaykadan olan 20 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Mançester Siti”nin yetirməsi olan futbolçu bu klubun əas komandasında 3 oyuna 1 qol və 1 assistlə yadda qalıb.
“Mançester Siti” mərkəz yarımmüdafiəçisi Aleks Robertsonu da “Kardiff Siti”yə satıb. Klub bu satışdan 1,15 milyon avro qazanıb. 21 yaşlı avstraliyalı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Aleks Robertson “Mançester Siti”nin əsas komandasında debüt şansı qazanmayıb. O, əvvəlki mövsümlərdə “Ross Kaunti” və “Portsmut” kimi klublarda icarədə olub.
İngiltərə çempionu üç oyunçusunu da icarəyə verib. Finli Barns “Hall Siti”yə, Kallum Doyl “Norviç Siti”yə, Lyuk Mbete isə “Northempton”a icarəyə verilib. Onlar qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.


