Yens Larsen “Trabzonspor”dan göndərildi

Türkiyənin “Trabzonspor” klubu Danimarka milli komandasının da üzvü olan sağ cinah müdafiəçisi Yens Larsen ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klubun yaydığı açıqlamada bunlar qeyd olunub: “Şirkətimiz və peşəkar futbolçumuz Yens Ştriger Larsen arasında başlanğıc tarixi 01.07.2022 və bitmə tarixi 31.05.2025 olan peşəkar futbolçu müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Razılaşmaya əsasən, futbolçuya xitam təzminatı ödənilməyəcək”.

Xatırladaq ki, Yens Larsen 2022-ci ilin yayında İtaliyanın “Udineze” klubundan “Trabzonspor”a keçmişdi. O, bu mövsüm 17 matçda iştirak edib, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Ümumilikdə isə “Trabzonspor” forması ilə 62 oyuna çıxmış danimarkalı, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Larsen karyerası ərzində “Udineze”, “Brondbü”, “Austriya” (Vyana), “Nordsyelland” kimi klubların da formasını geyinib. Təcrübəli müdafiəçi 2016-cı ilin avqust ayında debüt etdiyi Danimarka milli komandasında 54 oyun keçirib, 3 qol vurub.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: