Almaniya yığmasının keçmiş qapıçısı Yens Lemann AÇ-2024-ün 1/4 finalının qarşıdakı İspaniya – Almaniya oyunu haqda danşıb.
Arena.az “Goal” dərgisinin “Welt” dərgisinə istinadı əsasında məlumat verir ki, alman qapıçının fikirlərində İspaniya yığmasını bir növ yüksək qiymətləndirməməsi sezilir:
“Biz qrup mərhələsində İspaniya yığmasının yaxşı nəticələrini gördük. Texniki baxımdan, yəqin ki, bizdən yaxşıdırlar. Ancaq onlar kiçikboylu və təcrübəsizdirlər. Bu, uşaq komandasıdır. Onların çox gənc futbolçuları var. Onların beynəlxalq yarışlarda təcrübəsi əskikdir”, deyə Yens Lemann vurğulayıb.
Əlavə edək ki, Lemanın müvafiq mövqeyə dayanan bu üslubda fikir səsləndirməsi qarşı düşərgədən cavablanıb.
Həmçinin xarici mətbuat qeyd edir ki, bütün Almaniya bundestimin AÇ-2024-ü qazanması üçün səfərbər olub. Lemanın bu mövqeyi öz fikrindən çox, rəqibi təxribata çəkərək, tarazlıqdan çıxarmağa xidmət edən xüsusi mexanizmin yalnız bir çarxıdır.
Xatırladaq ki, AÇ-2024-ün 1/4 final mərhələsinin İspaniya – Almaniya oyunu bu gün, iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.


