Yeqor Xvalko: “Yeni transferimiz yaxşı oğlandır, bu, bəs edər”

“Kəpəz”in belaruslu müdafiəçisi Yeqor Xvalko Gəncə təmsilçisinin 2023/2024 mövsümünə hazırlığını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hazırlaşırıq. “Zirə” ilə yoxlama oyunundan sonra iki həftəlik toplanış olacaq. Səylə çalışacağıq, ümid edirik ki, hər şey yaxşı olacaq.

Ötən mövsüm olduğu kimi, bu mövsüm də çempionat gərgin keçəcək. Heç kim zəifləməyib, əksinə komandalar daha da güclənib. Qarşıya qoyulan hədəfə çatmağa çalışacağıq. Komandanın yenilənməsi, kiminsə getməsi, kiminsə gəlməsi normaldır. Azarkeşlərimizi gözləyəcəyik. Onlar hər zaman bizə dəstək olublar. Evdə onların önündə oynamaq rahatdır. Səfərə də gəlir, dəstək olurlar. Onlara minnətdarıq”.

Yeqor Xvalko həmyerlisi Vladislav Vasilyuçekin “Kəpəz”ə transferi ilə bağlı da danışıb: “Məşq edir, hazırlaşır. Komandada ikinci belaruslunun olması sevindiricidir. Əsas odur, yaxşı oğlandır, bu, bəs edər. Belə düşünürəm”.

“Kəpəz”in digər yeni transferi, komandanın keçmiş üzvlərindən olan Əli Səmədov da hazırlıq prosesi barədə fikirlərini bölüşüb:

“Yenidən doğma komandama qayıtdığım üçün xoşbəxtəm. Məşqlər ağır keçir. İstirahətdən qayıtmışıq. Mən də komandaya bir az gec qoşulmuşam. Gündə iki məşq keçirik. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini çempionatın gedişində görəcəyik.

Çempionat ağır keçəcək. Büdcə baxımından ən zəiflərdən biri “Kəpəz”dir. Amma əlimizdən gələni edib, məşqçilərin tapşırıqlarını yerinə yetirməliyik. İstəkli, döyüşkən komanda olmalıyıq”.

Səmədov “Kəpəz”in yeni məşqçilər korpusundan da söz açıb: “Yerli məşqçilərdir. Hər biri ilə işləmişəm. Sağ olsunlar ki, mənə inandılar, komandaya dəvət etdilər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: