Yuri Vernidub “Partizan”a məğlubiyyətə aydınlıq gətirdi

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Sloveniyada Serbiyanın “Partizan” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, hazırlıq matçı “Neftçi”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yuri Vernidub oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Ukraynalı mütəxəssis məğlubiyyətə baxmayaraq, yaxşı oyun alındığını bildirib:

“Çox yaxşı rəqiblə qarşılaşdıq. Onlar da bizim kimi Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşırlar. Növbəti mərhələlərdə bu tip komandalarla üz-üzə gələcəyik. Hələ ki, əsasən gündə iki məşqlə hazırlaşırıq. Buna görə də hər hissədə iki fərqli heyətlə oynadıq. Demək olar, hamıya mübarizə aparmaq şansı yaratdıq. Hazırda oyunlarımız yükləmə altında keçir.

Sabahkı istirahət günündən sonra artıq növbəti matç ərəfəsində yükləmələri yavaş-yavaş azaldacağıq və əsas heyət üzvlərini daha çox – 65-70 dəqiqə oynatmağa başlayacağıq. Hazırlıq plan üzrə gedir. Artıq toplanışın ikinci yarısında, yükləmələr azaldılandan sonra oyun sistemimiz daha aşkar bilinəcək.

İmad Farajın yüngül narahatlığı olduğu üçün bu gün risk edib onu meydana buraxmadıq. Alessio Kurçinin vəziyyəti qənaətbəxş deyil. Ola bilər ki, bir neçə həftə buraxsın. Onunla bağlı son diaqnoz bizə veriləcək. Oyunun gedişində Andrey Ştoqrində də yüngül narahatlıq hiss etdiyimiz üçün onu dəyişdik. Bununla belə, bütün futbolçuların fiziki durumu qənaətbəxşdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: