Zamiq Əliyev 90 dəqiqə oynadı, Amil Yunanov…

Futbol üzrə Azərbaycanın millisinin mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 10-cu turu çərçivəsində bu gün Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Əliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 13 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Albaniyada legioneri həyatı yaşayan digər azərbaycanlı futbolçu – Amil Yunanovun komandası “Bilis” də bu gün növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Teuta” ilə üz-üzə gəlib və 4:0 hesabıyla qalib gəlib. Amil bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Yunanov “Bilis”ə bu ilin sentyabr ayında azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Azərbaycanlı futbolçu bu komandanın heyətində hələlik 1 oyun keçirib.

“Eqnatiya” 10 turdan sonra 16 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə eyni xala malik olan, lakin bir oyun az keçirmiş “Partizani” rəhbərlik edir. “Bilis” isə 8 xalla 9-cudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: