Azərbaycanın U-21 millisinin sabiq mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 6-cı turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.
“Eqnatiya” səfərd baş tutan bu oyundan qolsuz bərabərliklə ayrılıb – 0:0.
Əliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Eqnatiya” 6 turdan sonra 11 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 13 xalı olan “Vlajniya” rəhbərlik edir.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 9 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.


