Zamiq Əliyev “Laçi” üzərində çətin qələbəyə sevindi

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 20-ci turu çərçivəsində “Laçi” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Futbolçumuzun komandası qələbə qolunu 90-cı dəqiqədə vurub. Əliyev məhz qol vurulan dəqiqədə meydana buraxılıb.

“Eqnatiya” 20 turdan sonra 33 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 4-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 34 xala malik olan Tirana “Dinamo”su rəhbərlik edir. “Vlajniya” 31 xalla ikinci, “Partizani” 33 xalla üçüncüdür.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 20 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi bu ay əsas millimizdə də debüt edib.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: