Zamiq Əliyev üçün 67 dəqiqə və növbəti 3 xal

Futbol üzrə Azərbaycanın millisinin mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 15-ci turu çərçivəsində bu gün “Elbasani” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Əliyev bu oyuna start heyətdə başlayıb. O, 67-ci dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 17 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi bu ay əsas millimizdə də debüt edib.

“Eqnatiya” 15 turdan sonra 26 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 27 xala malik olan “Partizani” rəhbərlik edir.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: