Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2024/2025 mövsümünün 19-cu turu çərçivəsində “Dinamo” (Tirana) ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Futbolçumuzun komandası 0:2 hesabıyla məğlub duruma düşdüyü bu oyunda 67-ci dəqiqədə təsəlli qolunu vurub.
Əliyev də bu oyunun iştirakçısı olub. O, 90 dəqiqə meydana qalıb.
“Eqnatiya” 19 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 4-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 33 xala malik olan Tirana “Dinamo”su rəhbərlik edir. “Partizani” 33 xalla ikinci, “Vlajniya” 31 xalla üçüncüdür.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 19 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi bu ay əsas millimizdə də debüt edib.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.


