Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2024/2025 mövsümünün 18-ci turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Futbolçumuzun komandası 0:2 hesabıyla məğlub duruma düşdüyü bu oyunda 81-ci dəqiqədə təsəlli qolunu vurub. 90-cı dəqiqədə “Eqnatiya” penalti qazansa da, Zeynullai bu şansı boşa verib.
Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 18 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 4-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 31 xala malik olan Tirana “Dinamo”su rəhbərlik edir. “Vlajniya” 31 xalla ikinci, “Partizani” 30 xalla üçüncüdür.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 18 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi bu ay əsas millimizdə də debüt edib.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.


