Zamiq Əliyevin yoxluğunda 4 cavabsız qol və liderlik

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2024/2025 mövsümünün 21-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutan bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. Futbolçumuzun komandası bütün qolları 60-cı dəqiqədən sonra rəqib qapısından keçirib.

Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Eqnatiya” 21 turdan sonra 36 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında zirvədə qərarlaşıb. Futbolçumuzun komandası 21 oyunda 10 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 21 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə debüt edib. Hələlik, bu, Zamiqin əsas yığmamızdakı yeganə oyunudur.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: