Zamiq Əliyevin yoxluğunda “Eqnatiya” xal itirdi

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2024/2025 mövsümünün 13-cü turu çərçivəsində “Vlajniya” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Futbolçumuzun komandası 1-ci dəqiqədə hesabı açsa da, 57-ci dəqiqədə bu üstünlüyü əldən verib.

Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Eqnatiya” 13 turdan sonra 20 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 3-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 24 xala malik olan “Partizani” rəhbərlik edir. “Vlajniya” isə 22 xalla ikincidir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 15 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: