Zaur Axundov Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

Arena.az xəbər verir ki, bununla bağlı federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün Naxçıvan Futbol Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyətinin nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Federasiyanın ötən seçki müddətindəki fəaliyyəti haqda məlumat verilib, daha sonra federasiya sədri postuna seçki keçirilib. Zaur Axundov yeganə namizəd olub və yekdilliklə qurumun sədri seçilib.

Məlumat üçün qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2004-cü ildə “Araz-Naxçıvan” futzal klubunu yaradıb. Milli komandanın bazası hesab edilən klub ardıcıl bir neçə dəfə ölkə çempionu olub. Axundov 2008-ci ildə Azərbaycan Futzal Federasiyasının prezidenti seçilib. Bundan sonra futzal üzrə Azərbaycan millisi və ölkə çempionu “Araz-Naxçıvan” qitəmiqyaslı yarışlarda uğurlu nəticələr qazanıb. Belə ki, milli komandamız 2010-cu ildə Avropa çempionatının final mərhələsində debüt edib və yekundə dördüncü pilləni tutub. Həmin il “Araz-Naxçıvan” ovaxtkı adı ilə UEFA kubokunda bürünc medal qazanmaqla ilkə imza atıb. Ümumiyyətlə, arxada qalan illərdə futzal üzrə Azərbaycan millisi 6 dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində iştirak edib. Hətta mundialı komandamız 5-ci pillədə başa vurub. “Araz-Naxçıvan” isə 2014-cü ildə növbəti dəfə UEFA kubokunun bürünc medallarına sahib olub. Yeri gəlmişkən, həmin il “Dördlər finalı” Bakıda təşkil olunub.

Axundov 2016-cı ildən 2024-cü ilə qədər AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.
O, 2017-ci ildə “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib və 2022-ci ilin iyun ayına qədər bu vəzifəni icra edib. Komanda onun dövründə 2 dəfə Azərbaycan kubokunu və Premyer Liqanın bürünc medallarını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: