“Əl-Əhli” “Nyukasl”ın vingerini Ərəbistana apardı – 27 milyona

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Nyukasl”ın 26 yaşlı fransalı vingeri Allan Sen-Maksimeni transfer edib.

Arena.az bu barədə “Əl-Əhli”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Ərəblər fransalı vingerlə 3 illik – 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə imzalayıblar. Sen-Maksimenin “Nyukasl”la da müqaviləsi məhz bu müddətə nəzərdə tutulmuşdu. Təfərrüat açıqlanmasa da, ərəblərin fransalı futbolçuya daha yaxşı maliyyə şərtləri təklif etdikləri vurğulanır. “Nyukasl” isə bu keçiddən 27,2 milyon avro qazanıb.

Geridə qalmış 2022/2023 mövsümündə Allan Sen-Maximen “sağsağanlar”ın heyətində 31 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. O, 2019-cu ildə Fransanın “Nitsa” klubundan 18 milyon avro qarşılığında Premyer Liqa təmsilçisinə keçmişdi. Sol cinah vingeri İngiltərə klubunda bütövlükdə 124 oyun keçirib, 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Sen-Maksimenin Fransanın gənclərdən ibarət U-16, U-17, U-20, U-21 yığmalarında oyun təcrübəsi olsa da, əsas yığmada hələ çıxış etməyib. O, “Nyukasl” və “Nitsa”dan əvvəl “Bastiya”, “Hannover”, “Sent Etyen” və “Monako”da da forma geyinib.

Xatırladaq ki, daha əvvəl “Əl-Hilal” “Mançester Siti”nin əlcəzairli vingeri Riyad Mahrezi də heyətinə qatmışdı.

“Nyukasl” qapıçısı Karl Darlounu da “Lids”ə satıb. 32 yaşlı ingiliz qolkiper yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Lids” bu keçidə görə “Nyukasl”a 400 min avro ödəyib.

Karl Darlou 2014-cü ildən “Nyukasl”ın formasını geyinirdi. O, bu komandada 100 oyuna çıxıb, 136 qol buraxıb, 25 “quru” matç keçirib. Təcrübəli qapıçı “Nottingem Forest”, “Hall Siti”, “Uolsoll”, “Nyuport Kaunti” kimi klubların da formasını geyinib.

“Nyukasl”ın sol cinah müdafiəçisi Camal Luis isə icarə əsasında “Uotford”a keçib. Çempionşip təmsilçisi 25 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. “Norviç Siti”nin yetirməsi 2020-ci ildə 16,5 milyon avro qarşılığında keçdiyi “Nyukasl”da cəmi 36 matç keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: