“Əl-Nəsr” Ronaldonun meydana çıxması ilə çətin qələbə qazandı

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 27-ci turu çərçivəsində “Əl-Nəsr” səfərdə keçirilmiş oyunda “Damak”la qarşılaşıb.

Arena.az məlumat verir ki, oyun qonaq komandanın 1:0 hesablı çətin qələbəsi ilə başa çatıb.

Portual hücumçu Kristiano Ronaldo bu oyunda meydana 66-cı dəqiqədə əvəzetmədən daxil olub. Ronaldonun səyləri bəhrəsini verib. “Nəcd cəngavərləri” daha da ruhlanaraq irəli atılıblar və 90+1-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Emerik Lyaportun vurduğu qolla qələbəni meydan sahiblərindən qopara biliblər. Xorvat yarımmüdafiəçi Marselon Brozoviç məhsuldar ötürmə ilə fərqlənib.

Oyundan sonra Ronaldo adəti üzrə özünün sosial şəbəkə hesabı üzərindən oyun haqda fikirlərini paylaşıb: “Daha bir vacib qələbə” – portuqal ulduz oyun məqamlarını əks etdirən fotolara dair şərhini yerləşdirib.

“Əl-Nəsr” 27 oyundan 65 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Damak isə 35 xalla 8-ci pillədədir. Çempionata 77 xalla “Əl-Hilal” başçılıq edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun bu klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 29 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: