19 yaşlı özbək – Abdukodir Xusanov “Lans”da! – Rəsmi

Futbol üzrə Özbəkistan milli komandasının 19 yaşlı mərkəz müdafiəçisi Abdukodir Xusanov Fransanın “Lans” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belarusun “Energetik-BGU” (Minsk) klubundan 100 min avroya alınan gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Özbəkistanın “Bunyodkor” klubunun yetirməsi olan Abdukodir Xusanov 2022-ci ilin martından formasını geyindiyi “Energertik-BGU” komandasında 37 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Lans” qapıçısı Bris Samba və yarımmüdafiəçisi Pşemıslav Frankovski ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Hər iki futbolçunun sözləşməsinin müddəti 2028-ci ilin 30 iyununa kimi artırılıb.

Bris Samba “Lans”a ötən ilin iyulunda “Nottingem Forest”dən 5 milyon avro qarşılığında keçib. 29 yaşlı qapıçı bu komandada 37 oyuna cəmi 28 qol buraxıb, 15 “quru” matç keçirib. Konqo əsilli fransalı futbolçu daha öncə “Nottingem Forest”, “Kan”, “Nansi”, “Olimpik” (Marsel) və “Havr” klublarının da formasını geyinib. O, Fransa yığmasında da 1 oyun keçirib.

Pşemıslav Frankovski isə “Lans”a 2021-ci ilin yayında “Çikaqo”dan 2,3 milyon avro qarşılığında keçib. Polşalı futbolçu Liqa 1 təmsilçisində 81 oyuna çıxıb, 11 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Çikaqo”dan başqa “Lexiya” (Qdansk) və “Yagelloniya” klublarının da formasını geyinib. 28 yaşlı futbolçu həm də Polşa millisinə dəvət alır. O, yığma komandada 34 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: