İspaniya millisinin və “Barselona”nın 17 yaşlı sağ cinah hücumçusu Lamin Yamalın yeni məşuqəsinin adı məlum olub.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yeniyetmə futbolçu mehri-məhəbbətini 19 yaşlı italyan şəhvətli gözəl, “TikTok”un ulduzu Anna Cenyoso üzərində cəm edib.
Mənbənin məlumatına görə, Anna “Barselona”nın İspaniya La Liqasının 15-ci turunun “Las Palmas”la ev oyununda (1:2) stadionda Yamala dəstək olub. Daha sonra cütlük birlikdə dükanlara alış-verişə çıxıblar. Yamalın yeni məşuqəsinin sosial şəbəkələrdə ümumilikdə bir milyondan çox abunəçisi var.
Xatırladaq ki, bu ilin iyul ayında Yamal 20 yaşlı braziliyalı tələbə Aleks Padilya ilə münasibətinə xitam verib. Sosial şəbəkələrdə yayımı zamanı Padilyanı bir oğlanın qucağında oturarkən görmüş Yamalı “qeyrət boğub”. Nəticədə yeniyetmə ulduz braziliyalı gözəldən ayrılıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 6 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 69 oyun, 13 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


