“Real”ın ingilis hücumameylli yarımmüdafiəçisi Cud Bellingem “qaymaqlılar”ın heyətində son oyunlardakı məhsuldarlığını şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis ulduzun bu barədə fikrini təqdim edir:
“Bu, xoşdur. Mənim qol duyumum geri qayıdıb. Ümidvaram ki, daha böyük nailiyyətlər əldə edə biləcəyəm. Keçən mövsüm çox şey əldə etdik, amma mən həqiqətən “Real”la ilə uğur qazanmağa davam etmək istəyirəm.
Mbappe, Vinisius və mənim eyni oyunda qol vurmağımız? Bu barədə heç düşünmürük, amma ətrafımızdakı hər kəsin bizdən nə gözlədiyini bilirik. Bunun, komandanın qələbə qazanmadığı halda bir fərqi yoxdur, amma bu gün biz qalib gəldik”, deyə Bellingem bildirib.
Xatırladaq ki, Bellingem Çempionlar Liqasının Liqa mərhələsinin “Atalanta” ilə 6-cı tur səfər oyununda “qaymaqlılar”ın 3:2 hesablı qələbəsinə vurduğu qolla töhfəsini verib. Digər iki qola isə fransalı ulduz hücumçu Kilian Mbappe və braziliyalı ulduz hücumçu Vinisius Junior imza atıblar.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib.
“Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib.
Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Cari mövsümdə isə Bellingem “Real” üçün 19 oyun keçirib, 6 qol vurub, 6 məhsuldar ötürmə verib.
Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətindəki ümumi göstəriciləri belədir: 61 oyun, 29 qol və 19 məhsuldar ötürmə.
Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


