“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis Premyer Liqanın liderini 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi. Biz gəldikldən sonra komandada ciddi dəyişiklik etdiyimizi deməzdim. Sadəcə, işə yanaşmanı dəyişmişik, məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır”.
Vasili Berezutski komandasının qış hazırlıq planlarını da açıqlayıb: “Biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa olurdu. İki həftə hazırlaşacağıq”.
Rusiyalı mütəxəssis həmyerlisi, “Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin bu klubu ziyarət etməsinə də münasibət bildirib:
“Biz daha çox “Sabah”ı və “Krasnodar”ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Maraqlı oyunun şahidi olduq. Oyunun tempi, dinamikası yaxşı idi. Hər iki komanda ən yaxşısını etməyə çalışırdı. Oyunumuzdan məmnunam. Komanda istədiyim futbolu verməyə çalışırdı. Futbolda bəzən belə nəticələr də də olur, üstün oynayırsan, amma uduzursan. Yolumuza davam edirik. Bu matçı unudacağıq. Çempionat uzundur, oyunlar fərqlidir. Bir matçda uduzmaqla niyə ruh düşkünlüyü yaranmalıdır? Komandamız, oyunçularımız möhkəmdir. Məğlubiyyətlər olacaq. Futbolçularıma inanıram. İnanıram ki, onlar ən yaxşısını edəcəklər”.


