Simone İnzaqi Lautaro Martinesə istirahət etməyi məsləhət gördü

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin argentinalı hücumçusu Lautaro Martinesin qol susqunluğu ilə bağlı fikrini bildirib.

Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Mən hücumçu idim, bilirəm ki, belə məqamlar yaşanır. Lautaro Bazar ertəsi “Latsio”ya (6:0) qarşı ən məhsuldar oyunçulardan biri idi. Hücumçular çox çalışırlar, biz onlardan çox xüsus tələb edirik, cari şəraitdə isə mümkün qədər onlara istirahət verməyə çalışırıq.

Lautaroya rahatlamağını söylədim, çünki o, həmişə qollar vurub və bunu yenə də edəcək, uğur onun üzünə güləcək, o isə yalnız qol fürsətləri olmayanda narahat olmalıdır”, deyə İnzaqi vurğulayıb.

Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 21 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 303 oyun, 135 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: