Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da ölkəmizdə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Arena.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilsin.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, əvvəlcə hava şəraiti ilə əlaqədar Qroznıdan Mahaçqalaya, daha sonra Aktauya yönləndirilən təyyarə orada eniş edə bilməyib. Belə ki, təyyarə Aktau hava limanının yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Azərbaycan Baş Prokurorluğu hadisə nəticəsində 32 nəfərin sağ qaldığını bildirib. Sağ qalanlar əsasən təyyarənin arxa hissəsində əyləşiblər. Operativ qərargah hər iki pilotun həlak olduğunu bildirib.
Hadisə ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb. Azərbaycan Prezidenti Bakıya qayıdan kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.
Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Komissiyaya Baş nazir Əli Əsədov rəhbərlik edir. Təyyarə qəzasının səbəblərini yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktauya yola düşüb.
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


