3-cü MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi

Bu gün – sentyabrın 28-də Gəncə stadionunda Azərbaycanda təşkil edilmiş 3-cü MDB Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Arena.az xəbər verir ki, tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyiblər.

Öncə Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılıb, sonra isə himnimiz səsləndirilib. Ardından 3-cü MDB Oyunlarının iştirakçı ölkələrinin paradı baş tutub. Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyıblar.

Təntənəli tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 3-cü MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək, qonaqlar, atletlər, məşqçilər və idmansevərləri salamlayıb. O qeyd edib ki, 10 gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin, Oyunlara qatılmış Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edir.

Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov çıxış edib. Bunun ardından, 3-cü MDB Oyunlarının and içmə mərasimi keçirilib. İdmançılar adından çövkən üzrə milli komandamızın kapitanı, dünya və Avropa çempionu Elçin Camallı, məşqçilər adından sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Əsgərxan Novruzov, hakimlər adından isə bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Ləman Cəbrayılova and içiblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3-cü MDB oyunlarını rəsmi olaraq açıq elan edib. Bunun ardından 3-cü MDB oyunları üçün hazırlanmış rəsmi mahnı sədaları altında MDB bayrağı qaldırılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib. Tamaşaçılar Qarabağ atlarının möhtəşəm çıxışını izləyiblər. Bundan başqa, səmaya sülh rəmzi olan ağ göyərçinlər buraxılıb. Açılış mərasimi dronların şousu və möhtəşəm atəşfəşanlıqla bitib.

Qeyd edək ki, 3-cü MDB Oyunlarının bağlanış mərasimi oktyabrın 8-də Gəncə stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: