Milan “İnter”inin türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu futbolçu karyerasına xitam vermək istədiyi klubu açıqlayıb.
Arena.az “Corriere dello Sport” dərgisinə istinadən, türk futbolçunun bu barədə fikrini təqdim edir:
“Mənim arzum “İnter”lə UEFA Çempionlar Liqasını qazanmaqdır. “Bayern” məni keçən yay öz heyətinə qatmaq istəyirdi, amma mən karyeramı burada bitirmək istərdim”, deyə Çalhanoğlu vurğulayıb.
Xatırladaq ki, Hakan Çalhanoğlu “Valdhof Manheym” və “Karlsrue” klublarının futbol məktəblərində yetişib, “Hamburq”, “Bayer” və “Milan”da oynayıb. “İnter” 2021-ci ilin iyulunda Çalhanoğlunu əzəli rəqibi “Milan”dan azad agent qismində öz düşərgəsinə qatıb. Türk yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Hakan Çalhanoğlunun “İnter”də çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 33 qol, 26 məhsuldar ötürmə.
Hakan Çalhanoğlu hazırda kapitanı olduğu Türkiyə millisinin heyətində 95 oyuna 20 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.
Çalhanoğlu “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun (3 dəfə), qalibi olub. Həmçinin Çalhanoğlu 2021-ci ildə Türkiyədə ilin futbolçusu, 2024-cü ildə isə İtaliyada mövsümün oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 30 yaşlı türk dayaq yarımmüdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


