Lineker: “Aleksander-Arnold “Real”a mükəmməl uyğunlaşacaq”

İngiltərə futbolunun əfsanəsi Qari Lineker “Liverpul”un ingilis müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”a mümkün keçidi haqda danışıb.

Arena.az Linekerin bu barədə fikrini təqdim edir:

“Trent Cud Bellingemə çox yaxındır və komandaya mükəmməl uyğunlaşacaq. Burada həmişə olduğu kimi, onun müdafiədəki oyununu tənqid etməyəcəklər. O, “Liverpul” üçün böyük itki olacaq, amma son vaxtlar çox yaxşı çıxış edən Konor Bredli də var”, deyə Qari Lineker vurğulayıb.

Xatırladaq ki, Trent Aleksander-Arnoldun bu mövsümün sonunda “Liverpul”dan ayrılacağı və karyerasını İspaniya nəhəngi “Real”da davam etdirəcəyi barədə xəbərlər yayılmaqdadır.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 333 oyun, 20 qol və 85 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı nüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.