Zelim Tçkayev çempion oldu, daha 2 cüdoçumuz medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev bu gün Bakıda təşkil olunmuş “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.

Arena.az xəbər verir ki, Milli Gimnastika arenasında keçirilən turnirin ikinci yarış günündə 4 çəki dərəcəsində 11 idmançımız tatamiyə çıxıb.

8 kişi və 3 qadın idmançımızdan yalnız üçü mükafatçılar arasında yer ala bilib.

Kişilər

73 kq

Rəşid Məmmədəliyev ardıcıl olaraq Anqsarbek Gianullin (Qazaxıstan), Baqrati Niniaşvili (Gürcüstan) və Manuel Parlatini (İtaliya) məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Abubakr Şerova (Tacikistan) da gücünü göstərib. Məmmədəliyev finalda komanda yoldaşına qalib gələn Tatsuki İşihara (Yaponiya) ilə güləşməli olsa da, zədə səbəbindən tatmiyə çıxmayıb və gümüş medalla kifayətlənib.

Vüsal Qələndərzadə 1/16 finalda Leonardo Valerianiyə (İtaliya), daha sonra Denis Vierunuyə (Moldova) qalib gəlib. 1/4 finalda qazaxıstanlı İslam Toktassini də məğlub edən təmsilçimiz yarımfinalda yaponiyalı Tatsuki İşihara ilə qüvvəsini sınayıb. Rəqib finala yüksəldiyindən Vüsal mübarizəni üçüncü yer uğrunda davam etdirib. O, Ryuqa Tanaka (Yaponiya) ilə qarşılaşıb. Rəqibini məğlub edən Qələndərzadə bürünc medala yiyələnib.

İbrahim Əliyev startda Tatsuki İşiharaya (Yaponiya), Qədir Hüseynov Dong-Hyun Baeyə (Cənubi Koreya) uduzub.

81 kq

Zelim Tçkayevin 1/16 finalda Leonardo Kasalyanı (İtaliya), ardınca Aslonbek Tojiyevi (Özbəkistan) mübarizədən kənarlaşdırıb. 1/4 finalda komanda yoldaşı Ömər Rəcəbliyə də qalib gələn cüdoçumuz yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Somon Maxmadbekovla (Tacikistan) qarşılaşıb və uğurlu seriyasını davam etdirib. Tatamidən qalib ayrılan Zelim finalda Fransua Qotye-Drapo (Kanada) üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz turnirdə yığmamızın aktivinə ilk “qızıl”ı yazdırıb.

Ömər Rəcəbli də yarışa qələbə ilə başlayıb. O, ilk görüşündə Artut Margelidonudan (Kanada) güclü olub. Təmsilçimiz 1/8 finalda Seunqçan Li (Cənubi Koreya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Rəcəbli yarımfinala gedən yolda Tçkayevə uduzduğundan təsəlliverici görüşə qatılıb. Bu görüşdə Meyirjan Jumbarekdən (Qazaxıstan) üstün olan Ömər üçüncü yer uğrunda qarşılaşmada Askerbi Qerbekova (Bəhreyn) uduzub.

Məhərrəm İmamverdiyev ilk qarşılaşmasında Yan Svobodaya (Çexiya) uduzub.

Süleyman Şükürov 1/16 finalda Naçe Herkoviçi (Sloveniya) məğlub etsə də, ardınca Behruzi Xocazodaya (Tacikistan) məğlub olub.

Qadınlar

63 kq

Nərgiz Hacıyeva Nataliya Kpopskaya (Polşa) uduzub.

70 kq

Südabə Ağayeva ilk qarşılaşmasında Şiho Tanakaya (Yaponiya), Günel Həsənli Lara Çvyetkoya (Xorvatiya) məğlub olub.

Xatırladaq ki, yarışın ilk günündə yığmamız aktivinə iki bürünc medal yazdırmışdı. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutmuşdular. Turnirə sabah yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: