İlham Əliyev yenidən MOK-un Prezidenti seçildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti seçilib.

Arena.az bu barədə sözügedən qurumun mətbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, bu gün – fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki Baş Məclisi keçirilib.

Qurumun inzibati binasında keçirilən Baş Məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Çingiz Hüseynzadə hesabat dövrü ərzində Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdırıb. O, MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş uğur və nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib. O, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qazandıqları uğurlardan, Bakıda keçirilən beynəlxalq yarışlardan danışaraq, MOK-un hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.

Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra qurumun Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərdə uğurlar arzulayıblar.

Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Baş Məclisdə Milli Olimpiya Komitəsinin Təftiş Komissiyasının üzvləri də seçilib.

Bu tədbirdən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub. İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: