Futbol üzrə Almaniya Bundesliqasının 23-cü turunun “Holştayn”la səfər oyunu “Bayer”in baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb.
Nəticədə ispaniyalı mütəxəssis Bundesliqanın tarixinə düşüb. Leverkuzen təmsilçisinin çalışdırıcısı komandanın səfərdə məğlubiyyətsizlik seriyasını 28 matça çatdırıb (20 qələbə, 8 heç-heçə). İndiyə qədər Almaniya Bundesliqadasında bu göstərici heç bir klubda olmayıb.
Xatırladaq ki, Xabi Alonsonun komandası səfərdə sonuncu məğlubiyyətini 2023-cü il mayın 27-də “Bohum”la matçda (0:3) alıb.
“Bayer” hazırda Bundesliqada 50 xalla 2-ci pillədə qərarlaşıb. 55 xalla lider olan “Bayern”in ehtiyatda daha bir oyunu var.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.
Həmçinin “Bayer” 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.
2024/2025-ci illər mövsümündə Xabi Alonso “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.
Xabi Alonso “Bayer”i ümumilikdə 126 oyuna çıxarıb, 84 qələbə, 28 heç-heçə, 14 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 293:132 nisbətindədir.


