“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım. Dünən gəldilər, oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü. Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı. Belə olan halda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar. Bu gün qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi. Qələbəni tək meydanda olan oyunçular yox, “Zirə” ailəsi olaraq qazandıq. Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, idarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi. Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük. Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu. İddialı komandalarla yaxşı nəticə əldə etmişdilər. Baxımlı, yaxşı oynayıb qalib gəldik. Üç gündən sonra “Araz-Naxçıvan”a qarşı kubokun cabab görüşü gözləyir. Ondan sonra isə “Turan Tovuz”la səfər görüşünə çıxacağıq. Daha sonra “Səbail”lə evdə qarşılaşacağıq. İstirahətə, qələbələri qeyd etməyə çox da vaxtımız yoxdur. Bu dəqiqə ən vacib olan qələbə qazanıb, növbəti matça hazırlaşmaqdır”.
Rəşad Sadıqov bir neçə gün öncə yollarını ayırdıqları Filipe Paxtmanla bağlı qərarı da şərh edib:
“Ona yetərincə şans verdik, yanında olduq. Çox istədiyim insanlardan və futbolçulardan biridir. Sonda hər iki tərəf qərar qəbul etdi ki, yollarımızı ayıraq. Ona gələcək karyerasında uğurlar arzulayıram. Sağlam olsaydı, bizimlə olacaqdı. Zədəsi sağalmamışdı, yenə də uzun müddət bərpa olunmalı idi. Düşündük ki, bu qərar həm özü, həm də komanda üçün faydalı olar”.
“Bu şərtlər altında matçın keçirilməsi başadüşülən deyi” – Azər Bağırov
“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə məğlub olduqları matçdan sonra bu iki gün ərzində çəkdikləri əziyyətə toxunub və buna narazılığını bildirib:
“Öncə oyunun keçirilməsi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Dünən stadiona gəldik, amma məlum vəziyyətə görə görüş baş tutmadı. Bu gün üçün matça bir vaxt təyin etdilər, yenə saatı dəyişdilər. Təyin olunan saatda da matç başlamadı. Futboldan anlayan insanlar bunun oyunçulara nə qədər təsir etdiyini yaxşı bilirlər. Uşaqlar bu gün çox əziyyət çəkdilər. Saat 12:30-da nahar etdik, yola çıxdıq, 15:30-dan da stadiondayıq. Bura çatanda bildirdilər ki, görüşün vaxtı dəyişib. Geri qayıtmışıq, halbuki arenaya çatmışdıq. İki-üç saat boş vaxt keçirmişik. Son iki gündə məşq etməmişik. Gəldiyimiz gün qara görə meydança yox idi. Dünən də vəziyyət eyni cür oldu. Komanda yenə məşq edə bilmədi. İki gün məşq etmədən futbolçu meydana çıxırsa, nə demək olar. Bunlar nəzərə alınmalıdır. Zədə amili var. Muhamadu Banı fasilədə zədəyə görə əvəzlədik. Daha iki futbolçumuzun zədəsi var. Elə də geniş heyətimiz yoxdur. Futbolda incə məqamlar var. Oyunçu da insandır. Onu istismar etmək olmaz. Bu şərtlər altında matçın keçirilməsi başadüşülən deyil. Oyun barədə çox şey demək istəmirəm. Hər şeyi gördünüz. Rəqibi təbrik edirəm”.


