İngiltərə Premyer Liqasında mübarizə aparan “Vulverhempton” yarımmüdafiəçisi Joao Qomes ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı oyunçunun yeni sözləşməsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər idi.
Xatırladaq ki, tam adı Joao Vitkor Qomes da Silva olan mərkəz yarımmüdafiəçisi Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, 2023-cü ilin yanvar ayında 18,7 milyon avro müqabilində “Flamenqo”dan “Vulverhempton”a keçib.
Joao Qomes cari mövsümdə meydana çıxdığı 31 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Vulverhempton”un heyətində bütövlükdə 80 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi 2024-cü ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 10 oyuna çıxıb. 24 yaşlı futbolçu bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı braziliyalı futbolçunun transferi dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


