“Barselona” İspaniya La Liqasından və İspaniya Kral Futbol Federasiyasından (RFEF) təqvimlə bağlı rəsmi şikayət ünvanlayacaq.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.
“Barsa” bəyan edib ki, klubun, təşkilatçıların oyunların keçirilmə tarixləri və başlanma vaxtları ilə bağlı əsas götürdükləri meyarlara münasibətində razılaşmadığı məqamlar var.
Xatırladaq ki, daha əvvəl komandanın alman baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının rəhbərliyini yarışın cari oyun təqviminin tərtibatına görə tənqid etmişdi.
Vurğulanır ki, “Barselona” futbolla bağlı tənzimləmələrə nəzarət edən əlaqədar qurumlara rəsmi şikayət ərizəsi ünvanlamaqla, gələcəkdə narahat təqvimlə bağlı müvafiq halların qarşısını almağı, habelə futbolun əsas simaları olan futbolçulara zərər yetirilməsinin önlənilməsini hədəfə alıb.
32 oyundan 73 xalla “Barsa” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb.


